Naxçıvanda yeni Günəş Elektrik Stansiyası tikiləcək

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası tikiləcəkdir. Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanmışdır. Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov aidiyyəti üzrə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumi gücü 3 meqavat olacaq Günəş Elektrik Stansiyası üçün Kəngərli rayonunun Qabıllı kəndində kənd təsərrüfatına yararlı olmayan ərazi seçilmişdir. Stansiya İsveçrənin “Pure Energy Development” SARL şirkəti tərəfindən qurulacaq və şirkətin istehsalı olan ən müasir günəş panellərindən istifadə olunacaqdır. İsveçrənin “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami yenidən Naxçıvanda olmaqdan, eləcə də Günəş Elektrik Stansiyasının qurulmasında muxtar respublika ilə əməkdaşlıqdan böyük məmnunluq duyduqlarını bildirmişdir. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılacağını və ən son texnologiyalardan istifadə olunacağını diqqətə çatdıran Mişel Kalerami təmsil etdiyi şirkətin kollektivi adından minnətdarlıq etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov elektrik enerjisinə olan tələbatın ilbəil artdığını bildirərək demişdir ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, yeni Günəş və su elektrik stansiyaları inşa olunur. Son illər Babək rayonunda 22 meqavat, Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik stansiyaları tikilmişdir. Hazırda Araz çayı üzərində su elektrik stansiyasının inşası davam etdirilir. Bütün bunlar enerji təminatını yaxşılaşdırmaqla yanaşı, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırır və bu sahənin daha da müasirləşdirilməsinə imkan verir. 3 meqavatlıq Günəş Elektrik Stansiyası da Dövlət Energetika Xidmətinin gəlirləri hesabına inşa olunacaqdır. Bütün bunlar muxtar respublikanın inkişafının göstəricisidir. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə müqavilə imzalanmış, xatirə şəkli çəkdirilmişdir.

Mənbə: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər nazirliyinin
mətbuat xidməti

14 avqust 2019-cu il

 

Püstə bağında aqrotexniki tədbirlər görülür

Muxtar respublika ərazisində yaşıllıqların artırılması sahəsində görülən işlər, həyata keçirilən ekoloji tədbirlər  və ən əsası kompleks dövlət tədbirləri, fasiləsiz qaz, işıq, su təminatı, sosial-iqtisadi inkişaf bu sahədə uğurların qazanmasına şərait yaradıb. Bu işlərin nəticəsidir ki, son 25 ildə meşə və yaşıllıqların sahəsi 1 faizdən 20 faizə dək artmışdır. Yaşıllıqların artırılmasında ekoloji səmərəliliklə bərabər iqtisadi əhəmiyyət, xüsusilə meyvəçiliyin inkişafına önəm verilir. Naxçıvanın tarixi meyvəçilik şöhrətinin saxlanılması və iqtisadi inkişafda bu xammala olan tələbatın təmin edilməsi üçün muxtar respublika ərazisində bu sahəyə diqqət artmışdır. Meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi məqsədilə iki Dövlət Proqramı hazırlanmış və icra edilir. Həmin proqramlarda yerli meyvə sortlarının saxlanılması, inkişaf etdirilməsi ilə bərabər muxtar respublikanın iqliminə, torpağına uyğunlaşa bilən yeni meyvə sortlarının gətirilməsinə də önəm verilir. Bu məqsədlə Dövlət Proqramında 100 ha sahədə püstə bağlarının salınması nəzərdə turulmuşdur. Ötən illərdə Naxçıvan-Sədərək magistral yolunun kənarında, Arazboyu şoranlaşmaya meyilli və ən əsası kənd təsərrüfatı əkinləri üçün yararlı olmayan ərazilərdə Püstə bağı salınmışdır. 2019-cu ildə də bu sahədə tədbirlər davam etdirilmiş, həmin ərazidə yerli yetişdirilmiş püstə tingləri ilə bərpa aparılmışdır. Carı ildə püstə bağında mədəni bağçılığın inkişaf etdirilməsi, məhsuldar bağın formalaşdırılması üçün 3 min ədəddən çox püstə tingi çalaq edilmişdir. Püstə bağında aqrotexniki tədbirlər həyata keçirilir, cərgələr arası şumlanır, ərazidə damcılı suvarma sistemləri yaradılır, üzvi. mineral gübrələrlə təmin edilir. Bu sahədə ən mühüm amillərdən biri də zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparılmasıdır. Bu məqsədlə proflaktik və fitosanitar tədbirlər görülür. Ötən illərdən əldə edilən təcrübəyə əsasən bu aylarda əsasən çəyirtkəkimilərin ağacların yarpaqlarına zərər verməklə onların məhf edilməsinin qarşısının alınması üçün  Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər  nazirliyinin aidiyyatı idarələri  tərəfindən püstə bağında dərmanlama işi aparılır.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər nazirliyinin
mətbuat xidməti
26 iyul 2019-cu il
 
 

Ekoloji monitorinqlər keçirilmişdir.

Ətraf mühitin mühafizəsi,  bu sahədə  idarəetmə  sisteminin  səmərəli  fəaliyyətinin  təmin edilməsinə nəzarəti gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən muxtar respublika  ərazisində 15 iyun - 20 iyul  tarixlərdə  ekoloji monitorinqlər keçirilmişdir. Keçirilən monitorinqlərdə iaşə məntəqələrində, o cümlədən;  şadlıq saraylarında,  istirahət mərkəzlərində, istifadə olunan içməli suların ekoloji təmizliyi, kanalizasiya sistemlərinin fəaliyyəti, tullantıların toplanması və zərərsizləşdirilməsi qaydalarına əməl edilməsi,  yaşıllıqlara  aqrotexniki qulluq qaydaları, yay otlaq sahələrində ekoloji durum,  arıçı  və digər

təsərrüfat sahələrində  ekoloji nəzarət həyata keçirilmişdir.

 

Ardını oxu...

 
 

22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər nazirliyinin
mətbuat xidməti
22 iyul 2019-cu il

 

 
 

Birinci yarımildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında “2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları”na dair Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin proqram xarakterli məruzəsində qarşıya qoyulan vəzifələrin,  Nazirliyin 2019-cu ilin ötən dövründəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı 11 iyul 2019-cu il tarixində Nazirlikdə kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən Navçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev qeyd etmişdir ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasəti muxtar respublikamızda digər sahələrdə olduğu kimi ekologiya sahəsində də davamlı inkişafa şərait yaratmışdır.  “Ailə təsərrüfatı” ili elan edilmiş 2019-ci ilin I yarımilində  Naxçıvan Muxtar Respublikası ərazisində mövcud əlverişli ekoloji vəziyyətin (ekoloji tarazlığın) qorunması, ətraf mühitin mühafizəsi  məqsədi ilə dövlət ekoloji siyasəti uğurla davam etdirilmişdir.

Ardını oxu...

 
 

Səhifə 10 > 27-dən

Joomla 1.5