Sədərək Rayon Su Monitorinq Laboratoriyasında suların tərkibi yüksək səviyyədə analiz olunur

Araz və Arpa çayının Muxtar Respublikaya daxil olan hissəsində və Şir arxında suların ilkin analizi aparılmış, sulardan nümunələr götürülərək Sədərək rayon Su Monitorinq Laboratoriyasında ağır metalların miqdarı və radioaktiv çirklənməni təyin etmək məqsədilə tritium izotopunun radioaktivlik dozasının miqdarı müəyyən edilmişdir. Muxtar Respublikamızda su nümunələrinin  götürülməsi, laboratoriyada analiz olunması mütəmadi olaraq davam etdirilir.

 

Meşələr yanğından necə qorunmalı

Meşələrin, meşə ətrafı sahələrin və yaşıllıq zolaqlarının yanğınlardan qorunması və biçindən sonra taxıl zəmilərində yanğına qarşı təhlükəsizlik tədbirlərin həyata keçirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan Dövlət Televiziyasında maarifləndirici tədbir keçirilmişdir.

 
 

Yaylaqlarda təmizliyə diqqət yetirilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Culfa rayonunda köçəri heyvandarlıqla məşğul olan sahibkarlarla maarifləndirici söhbətlər aparıblar.

Maarifləndirici görüş “Köndələn” və “Dəmirli” yaylaqlarında məskunlaşan sahibkarlarla olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kamran Əliyev bildirib ki, yaylaq mövsümünün başa çatması ilə əlaqədar mal-qaralarını aran bölgələrə aparan fermerlər yaylaqdan köç edərkən ərazilərin təmizliyinə diqqət etməli, sahələr təmizlənərək tullantılar basdırılmalı, ərazilərdəki üzvi gübrələr otlaq sahələrinə dağıdılmalıdır. Bu da gələcəkdə həmin ərazilərdə bitki örtüyünün daha yaxşı inkişafına şərait yaradacaq.

 
 

Ekoloji monitorinqlər mütəmadi olaraq davam edir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şərur rayonunda ekoloji monitorinq keçiriliblər.  İlk növbədə Əməkdaşlar Şərur rayon mərkəzi poliqonunda,  Püsyan, Təzəkənd, Danyeri və Xamlıqlar kəndində olublar. Monitorinq zamanı ətraf mühitə təsir hallarının öyrənilməsi, qanuna zidd halların qarşısının alınması, məişət tullantılarının idarə olunması mövzusunda maarifləndirici söhbətlər aparıblar. Sonra ekoloqlar arpaçaya baxış keçiriblər. Ətraf sahələrə, yaşıllıqlara, fauna və floraya diqqət yetiriblər. Ekoloqlar arpaçaydan, içməli su mənbələrindən analizlər götürüblər. Aparılan davamlı mühafizə işlərində məlum olub ki xeyli sayda çöl quşlarının artımı hiss olunmuşdur.

 
 

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası tikiləcək

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası tikiləcəkdir. Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanmışdır. Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov aidiyyəti üzrə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumi gücü 3 meqavat olacaq Günəş Elektrik Stansiyası üçün Kəngərli rayonunun Qabıllı kəndində kənd təsərrüfatına yararlı olmayan ərazi seçilmişdir. Stansiya İsveçrənin “Pure Energy Development” SARL şirkəti tərəfindən qurulacaq və şirkətin istehsalı olan ən müasir günəş panellərindən istifadə olunacaqdır. İsveçrənin “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami yenidən Naxçıvanda olmaqdan, eləcə də Günəş Elektrik Stansiyasının qurulmasında muxtar respublika ilə əməkdaşlıqdan böyük məmnunluq duyduqlarını bildirmişdir. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılacağını və ən son texnologiyalardan istifadə olunacağını diqqətə çatdıran Mişel Kalerami təmsil etdiyi şirkətin kollektivi adından minnətdarlıq etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov elektrik enerjisinə olan tələbatın ilbəil artdığını bildirərək demişdir ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, yeni Günəş və su elektrik stansiyaları inşa olunur. Son illər Babək rayonunda 22 meqavat, Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik stansiyaları tikilmişdir. Hazırda Araz çayı üzərində su elektrik stansiyasının inşası davam etdirilir. Bütün bunlar enerji təminatını yaxşılaşdırmaqla yanaşı, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırır və bu sahənin daha da müasirləşdirilməsinə imkan verir. 3 meqavatlıq Günəş Elektrik Stansiyası da Dövlət Energetika Xidmətinin gəlirləri hesabına inşa olunacaqdır. Bütün bunlar muxtar respublikanın inkişafının göstəricisidir. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə müqavilə imzalanmış, xatirə şəkli çəkdirilmişdir.

Mənbə: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər nazirliyinin
mətbuat xidməti

14 avqust 2019-cu il

 
 

Səhifə 26 > 44-dən

Joomla 1.5