Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

BİOMÜXTƏLİFLİK

Fəaliyyət istiqamətləri
Bildiyimiz kimi Respublikamız biomüxtəliflik baxımından dünyada zəngin ölkələrdən biridir. Ərazilərimizdə faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü özündə cəmləşdirir ki, bunların da ümumilikdə 60 faizdən çoxu muxtar respublika ərazisində yayılmışdır. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. O, bütün ekosistemləri əhatə etməklə həyatın mövcudluğunun əsasmı təşkil edir. Hazırda dünyada 15 milyondan çox canlı növlər mövcuddur. Lakin son illərdə insanların fəaliyyəti nəticəsində, ekosistemlər deqradasiyaya uğramış, bir çox növlər isə bərpa olmadan məhv olur, onların məhv olması bir çox hallarda hiss olunmur. Lakin bəşəriyyətə belə itkilərdən olduqca böyük ziyan dəyir. Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır. Bioloji müxtəliflik təkcə növlərin müxtəlifliyi deyil, o, bütün canlı aləmin yaşayıb inkişaf etməsinə imkan verən əlamətlərin cəmindən ibarətdir. Ona görə də indiki və gələcək nəsillər üçün bioloji müxtəliflik misilsiz milli sərvətdir. Bioloji müxtəlifliyin belə sürətlə itkisi Yer kürəsində həyatın özünü təhlükədə qoymaqla qlobal faciəyə səbəb ola bilər. BMT-nin ekspertlərinin məlumatına görə, Yer kürəsində təbii meşələrin 45%-i əsasən son illərdə qırılaraq məhv edilib, son 400 ldə insanların canlı təbiətə zorakı münasibəti nəticəsində 150-dən çox vəhşi heyvan və quşların nəsli tamamilə kəsilib. Günümüzdə isə 600-dən artıq heyvan növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi var. Yenə də insanların təbiətə nizamsız müdaxiləsi nəticəsində çoxlu sayda qiymətli bitki növləri bərpa edilməsi mümkün olmayan şəkildə məhv edilib. Yer kürəsində bioloji müxtəlifliyin yalnız beynəlxalq əməkdaşlıq yolu ilə xilas etmək mümkünlüyünü nəzərə alaraq Rio-de-Janeyro şəhərində 1992-ci ilin iyun ayında keçirilmiş Yer Zirvə toplantısında ilk dəfə olaraq bioloji müxtəlifliyin qorunması, bütün bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın tərkib hissəsi kimi qəbul olunmuş və müvafiq Konvensiya imzalanmışdır. Bu baxımdan əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. Bizi əhatə edən təbiətə böyük qayğı və həssaslıqla yanaşan Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik.” Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilmiş və bu sahədə ciddi səylər göstərilir. Belə ki, bu problemlərin həlli məqsədilə «Bitkilərin genetik ehtiyatlarına dair» Dövlət Proqramı, «Ətraf mühitin mühafizəsi üzrə» Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər proqramlar qəbul edilərək həyata keçirilir. Ölkənin «Bioloji müxtəliflik barədə» Konvensiya qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il dekabr tarixli Fərmanına əsasən Bioloji müxtəlifliyin Genetik Ehtiyatlar üzrə Dövlət Komissiyası yaradılmışdır. Dövlət Komissiyasının yaratdığı Tədqiqat Şurasının rəhbərliyi, Qlobal Ekoloji Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi və respublikanın bütün maraqlı tərəflərinin iştirakı ilə ölkədə bioloji müxtəlifliyin qorunub mühafizə edilməsi və davamlı istifadəsini təmin etmək üçün 2003-cü ildə müvafiq Strategiya və Fəaliyyət planı hazırlanmışdır.
Ümumilikdə muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması və əlverişli ekoloji mühitin yaradılması üçün ən mühüm amil kimi yaşıllıqların mühafizəsi və artırılması sahəsində də mühüm işlər görülür. Son 25 ildə muxtar respublika ərazisində 20 min hektardan çox sahədə toxum və ting əkini ilə yeni yaşıllıqlar, meyvə bağları, meşə massivləri salınmış, təbii bərpa hesabına yaşıllıq ehtiyyatları 65 min hektardan çox artmışdır. Xüsusilə qeyd edək ki, meşə ehtiyyatlarının artırılması üçün istifadə edilən torpaqların əsas hissəsi, 75 faizdən çoxu kənd təsərrüfatı əkinləri üçün yararsız, yaxud az yararlı olan ərazilərdə, xüsusilə terras ərazilərdə aparılmışdır. Təbii meşə ehtiyyatlarının və digər təbiət ərazilərinin mühafizəsi sahəsində görülən işlər nəticəsində yaşıllıq ehtiyyatları dəfələrlə artmişdır. Haliyyədə muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Müqaisə üçün bildirək ki, 1995-ci ildə bu göstərici yalnız 1 faizə bərabər idi. Kontinental iqlim şəraiti olan regionumuzda meşə ehtiyyatlarının bu qədər artması göstərilən qayğının və düzgün ekoloji tədbirlərin nəticəsidir. Xüsusilə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olan tinglərin seçilməsi, yetişdirilməsi, müasir suvarma sistemlərinin qurulması və düzgün aqrotexniki qulluq bu sahədə inkişafa səbəb olmuşdur. Yaşıllaşdırma tədbirlərində regionun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış ting yetişdirilməsi bu səmərəliliyi daha da artırır. Ötən illərdə nazirliyin tabeli Meşə tingçiliyi müəssisəsi tərəfindən 11 milyon ədəddən çox müxtəlif növ tinglər, o cümlədən tut, ərik, iydə, badam, cəviz, göyrüş, ardıc, qovaq, həmişəyaşıl ağaclar, bəzək və gül kolları, dibçəkdə tinglər yetişdirilmişdir.Qeyd edək ki, 1990-cı illərdə yalnız şəxsi təsərrüfatlarda, sayı ümumilikdə minlərlə ölçülən miqdarda ting yetişdirilirdi. Haliyyədə isə təkcə nazirliyin Tingçilik müəssisəsi tərəfindən ildə 500 min ədəddən çox ting yetişdirilir. Ərazilərin torpaq ehtiyyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə 1100 hektardan çox ərazidə damcılı suvarma sistemləri qurulmuşdur. Muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması sahəsində də tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012 və 2016-cı il tarixli Sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqram” larına uyğun olaraq meyvə bağlarının (alma, ərik, cəviz, badam, tut, gilanar və b) salınması sahəsində işlər aparılmışdır. Muxtar respublika ərazisində 5 min hektardan çox sahədə meyvə bağlarının əkilməsi (son 25 ildə) Naxçıvanın tarixi meyvəçilik şöhrətinin yenidən qaytarılmasına zəmin yaratdı. Qeyd edək ki, yaşıllıqların salındığı ərazilərin çoxu kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilər, müxtəlif dərəcədə şoranlaşmış, erroziyaya uğramış, münbitliyini itirmiş torpaqlardır ki, bu da həmin ərazilərin yenidən bərpa olunmasına əlverişli şərait yaradacaqdır. Relyefi kənd təsərrüfatı əkinləri üçün əlverişli olmayan təpəlik ərazilərdə terras üsulu ilə yaşıllıqların salınması, səhralaşmaya meyilli, külək eroziyasına məruz qalan magistral yol kənarlarında, su eroziyasına məruz qalan çay vadilərində qoruyucu zolaqların salınması bu baxımdan xüsusilə əhəmiyyətli olmuşdur. Qeyd edək ki, transsərhəd Araz çayının Naxçıvanın torpaq hüdudlarını yuması, çay vadisinin ərazilərimizə doğru dəyişməsi kimi halların qarşısının alınması məqsədilə görülən mühəndis-texniki işlərlə bərabər həmin ərazilərdə yurğunluqların qorunması və artırılması tədbirlərinin böyük əhəmiyyəti vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri muxtar rspublika ərazisində ekoloji tarazlığın qorunmasında yaşıllıqların əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Ekoloji təhlükəsizliyin təmin olunmasında meşə fondunun zənginləşdirilməsi mühüm rol oynayır.Son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini daha da artırır”
Muxtar respublika ərazisində biomüxtəlifliyin qorunması sahəsində mühüm amillərdən biri təbii mühit unikallığının, bitki və heyvan ehtiyyatlarının qorunması və bərpa edilməsidir ki, bunun da əsasını xüsusi mühafizə olunan təbiət ərazilərinin (qoruq, milli park, yasaqlıq və b.) yaradılmasıdır. Qeyd edək ki, regionumuzda ilk xüsusi mühafizə olunan təbiət ərazisi hələ 1969-cu ildə Ulu Öndər tərəfindən yaradılmış ümumi ərazisi 40 min hektar olan Ordubad Dövlət Təbiət Yasaqlığı olmuşdur. Ölkə ərazisində ilk milli park da Naxçıvanda yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Azərbaycanda ilk milli park, ərazisi 12 min 131 hektar olan akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və ərazisi 3 min 139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr və 2009-cu il 22 iyun tarixli sərəncamları ilə “Arazboyu” (ərazisi-9118 ha) və “Arpaçay” (ərazisi-68911,18ha) Dövlət Təbiət Yasaqlıqları yaradıldı. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsədlərdən biri də mövcud təbii potensialdan ekoturizmin inkişaf etdirilməsidir. Bu baxımdan milli park statuslu təbiət obyektlərinin yaradılması müasir dövrümüzün tələblərinə cavab verir. Bu amil əsas götürülərək ölkə prezidentinin 2009-cu il 25 noyabr tarixli sərəncamı ilə mövcud milli park, qoruq ərazilərində və digər təbiət əraziləri əlavə edilərək ümumi ərazisi 42 min 787 hektar olan akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı yaradıldı. Haliyyədə muxtar respublika ərazisinin 27 faizdən çoxu xüsusi mühafizə olunan təbiət ərazilərinə daxildir. Qeyd edək ki, inkişaf etmiş, təbiətə xoş münasibət göstərilən ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir. Xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması, təbiəti mühafizə sahəsində görülən kompleks dövlət tədbirləri nəticəsində əvvəllər sayı tükənməkdə olan (Məsələn, bezoar dağ keçiləri, muflonlar) növlərin sayının artmasına, ərazilərimizdə yeni heyvan növlərinin yaşaması şəraitinin formalaşmasına stimul yaratmışdır. Belə ki, güclü mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına, yaxın coğrafiyalardan bu ərazilərə yeni növlərin miqrasiya etməsinə, burada məskunlaşmasına əlverişli şərait yaratmışdır. Son illərdə muxtar respublika ərazisində dünyanın nadir növlərindən olan bəbirlərin müşahidə olunması dediklərimizi ifadə edir. Naxçıvan ərazisində bəbir ailəsinin qeydə alınması bu növlərin ərazilərimizdə daimi yaşamasının sübutudur. 1969-cu ildə ərazilərimizdə muflonların və bezoar dağ keçilərinin sayının azalması təhlükəsi olduğundan xüsusi qorunması, ov edilməməsi məqsədilə Ordubad Dövlət Yasaqlığının yaradılmışdırsa indi bu növlərin sayı dəfələrlə artmışdır və ən əsası da növün yox olma təhlükəsi yoxdur. Bu sahədə aparılan tədqiqat və müşahidələr digər növlərin də artmasını deməyə əsas verir. Deməli ümumi ərazilərimizin 27 faizə qədərinin xüsusi mühafizə olunması, digər sahələrdə mühafizə və bərpa tədbirlərinin görülməsi fauna və floramızın qorunmasına, əlverişli ekiloji mühitin yaranmasına şərait yaratmışdır. 1995-ci illə müqaisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 3,4 dəfə çoxalmışdır.
Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin direktorunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ünvanladığı məktubda damuxtar respublikada təbiəti mühafizə sahəsində görülən işlərə yüksək qiymət verərək qeyd etmişdir ki, “Muxtar respublikada ova qoyulmuş moratoriumun davam etməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və gücləndirilməsi, yerli əhalinin məlumatlandırılması tədbirləri, təbiət komplekslərinin tədqiqi və monitorinqi artıq öz bəhrələrini verməkdədir... Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında ke-çirilən biomüxtəlifliyin monitorinqi nadir və nəsli kəsilməkdə olan növlərin artım dinamikasında baş verən müsbət meyilləri göstərir... Bütün bu faktlar... Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təbiəti mühafizə siyasətinin düzgünlüyünü bir daha təsdiq edir”. Respublikamızda biomüxtəlifliyin qorunub saxlanılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər Azərbaycanın dünyada biomüxtəlifliyin qorunub saxlanılmasına nə qədər böyük diqqət və qayğı göstərdiyinin sübutudur. Bu isə öz növbəsində qədimlərdən günümüzə qədər gəlib çatan zəngin flora və faunamızın gələcək nəsillərə çatdırılacağına ümidlə baxmağa imkan verir.